Konsulluq xidmətləri
Viza üçün müraciət qaydaları
Konsulluq Şöbəsi ABŞ səfirliyinin nəzdində Azadlıq prospekti, 83 ünvanında yerləşir. Konsulluq Şöbəsi ABŞ-a qısa səfər etmək istəyən şəxslərə ABŞ İmmiqrasiya qanununda nəzərdə tutulmuş tələblərə cavab verdikləri halda qeyri-immiqrasiya vizası verir.
Biz, müvəqqəti olaraq, Azərbaycanda qeydiyyatda olan və yaşayan xarici ölkə vətəndaşlarının müraciətinə baxırıq, lakin Azərbaycanda yaşamayan vətəndaşlar öz ölkələrində müraciət etdikləri halda viza almaq ehtimalı daha çox olacaq.
Yadda saxlayın! Azərbaycanda qeydiyyatda olmayan İran vətəndaşlarının viza üçün müraciətlərinə baxılmır. İran vətəndaşları viza üçün Abu-Dabi (BƏƏ) yaxud Ankarada (Türkiyə) fəaliyyət göstərən ABŞ səfirliyinə, yaxud, Dubayda (BƏƏ) olan Konsulluq xidmətinə müraciət edə bilərlər.
Konsulluq Şöbəsi viza üçün müraciətləri əvvəlcədən vaxt təyin edilməklə qəbul edir. Görüşə yazılmaq üçün, səfərinizi nəzərdə tutduğunuz vaxtdan ən azı üç həftə əvvəl 498-0335/6/7 saylı telefonlarla əlaqə saxlamağınız xahiş olunur. Viza üçün müraciətlər, bazar ertəsi və çərşənbə günləri, saat 9:00-dan 12:00-a qədər əvvəlcədən təyin edilmiş vaxtda qəbul olunacaqdır. Viza üçün müraciətə baxılması üçün 100 ABŞ dolları və yaxud onun ekvivalenti qədər Yeni Azərbaycan Manatı məbləğində rüsum ödəməlisiniz. Bu məbləğ geri qaytarılmır.
Müraciətçilər, müvaqif müraciət formalarını, pasport və tələb olunan digər sənədləri təqdim etməli və geri-qaytarılmayan 100 ABŞ dolları məbləğində rüsumu müsahibədən əvvəl ödəməlidirlər. Sənədləri təqdim etdikdən sonra hər bir müraciətçiyə Konsulla müsahibə üçün müəyyən bir vaxt təyin olunur. Sənədləri təqdim etmək və ödəniş üçün müraciətçinin özünün gəlməsi vacib deyil, lakin hər bir müraciətçi öz müraciət formasını doldurmalı və Konsulla müsahibədə şəxsən iştirak etməlidir.
YENİLİK! ABŞ hökumətinin “təhlükəsiz sərhədlər və açıq qapılar” siyasətini əsas tutaraq, 2006-cı il mayın 1-dən etibarən Konsulluq Şöbəsi iş və işgüzar səfər məqsədilə (B1,H,L vizaları), tələbə vizası (F,M) və mübadilə proqramlarında iştirak məqsədilə (J) viza üçün müraciət edən şəxslər üçün sürətləndirilmiş səyahət qaydalarını həyata keçirir. Bu imkandan yararlanmaq üçün, tələbələr, mübadilə proqramlarının iştirakçıları və işgüzar məqsədlə səfər etmək istəyən şəxslərdən müraciət etdikləri zaman ingilis dilində olan Elektron Viza Müraciət formasını (DS-156) doldurmaq tələb olunur. Əl ilə yazılmış yaxud çap olunmuş müaciət formaları qəbul edilməyəcək.
Müraciət zamanı, Elektron Viza Müraciət formasını doldurmuş və bütün sənədləri qaydasında olan müraciətçiləri Konsul dərhal müsahibədən keçirəcək. Onların viza üçün müraciətinə 24 saat ərzində baxılacaq və mümkün olduqda həmin gün viza veriləcək.
Tələb olunan sənədləri qaydasında olan, turist və səyahət də daxil olmaqla, bütün digər kateqoriyalardan olan müraciətçilər də Elektron Viza Müraciət Formasını doldurduqları halda sürətləndirilmiş viza verilməsi imkanından faydalana biləcəklər.
Müsahibə qurtardıqdan sonra hər bir şəxs viza üçün müraciətinə müsbət cavab verilib-verilməməsi və viza verildiyi halda onun nə zaman hazır olacağı barədə məlumatlandırılacaq.
Əsas tələblər
Qeyri-immiqrasiya vizası üçün müraciət edən hər bir şəxs aşağıdakıları təqdim etməlidir:
- Müraciət edən şəxsin ABŞ-da qalmaq istədiyi vaxtdan sonra əlavə altı ay müddətində etibarı olan xarici pasport;
- Qeyri-immiqrasiya vizası üçün müraciət forması (DS-156). Viza üçün müraciətinizə tez baxılması üçün, Konsulluq Şöbəsi ingilis dilində olan Elektron Viza Müraciət Formasını (DS-156) doldurmağı tövsiyə edir.
- Son altı ayda çəkilmiş 5x5 sm ölçüdə iki ədəd fotoşəkil
- 16-45 yaş arası bütün kişi müraciətçilərdən Viza Müraciət Formasına əlavəni (DS-157) doldurmaq tələb olunur.
ABŞ İmmiqrasiya qanununa əsasən, viza almaq üçün müraciətçilər güclü iqtisadi, sosial, peşəkar və ailə əlaqələrinin olduğunu sübut etməlidirlər. Öz həyat yoldaşları, valideynləri yaxud övladlarından asılı olan müraciətçilər onları təmin edən şəxslərin Azərbaycandakı əlaqələrini sübut etməlidirlər. Müraciətçilərdən ABŞ-a səfərlərini hansı vasitələrlə maliyyələşdirdiklərini nümayiş etdirmək tələb olunacaq. Qeyri-immiqrasiya vizası üçün müraciət edən şəxslər Azərbaycanda peşəkar, iqtisadi, sosial və ailə əlaqələrinin olduğunu nümayiş etdirən sənədləri təqdim etməklə yanaşı, ABŞ-a səfər etdikdən sonra qısa müddət ərzində Azərbaycana qayıdacaqlarını şərtləndirən sübut təqdim etməlidirlər.
Sənədlər üçün xüsusi tələblər yoxdur, çünki hər bir müraciətçinin məsələsi fərqlidir. Müraciətçilər, misal üçün, nikah haqqında şəhadətnamələrini, uşaqlarının doğum haqqında şəhadətnamələrini, ABŞ-dakı təşkilalarından, yaxud fərdi şəxslərdən dəvət məktublarını, iş yerlərindən arayışı, iqtisadi vəziyyətlərini sübut edən digər sənədləri təqdim edə bilərlər. Dəvətnamə məktublarının, yaxud formalarının notarius tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur.
İşgüzar səfərlər: B1 vizası üzrə işgüzar səfər edən şəxslər müraciət etdikləri zaman iş yerlərindən arayış və ABŞ-dakı şirkətlərdən, yaxud təşkilatlardan dəvətnamə məktubu təqdim etməlidirlər. Sürətləndirilmiş viza verilməsi qaydaları ilə tanış olmaq üçün, zəhmət olmasa, bu səhifəyə baş çəkin. Xarici ölkə vətəndaşları Azərbaycanda qeydiyyat statuslarını sübut edən sənəd təqdim etməlidirlər.
Müsahibə zamanı müraciətçilərin dostları, yaxud qohumları tərəfindən müşayət olunmasına ehtiyac yoxdur. Bizim əməkdaşlar Azərbaycan, Rus və İngilis dillərində danışırlar.
Əlavə tələblər
Aşağıda qeyd olunmuş viza növləri üzrə müraciət zamanı tələb olunan əlavə sənədlər bunlardır:
Tələbə vizası (F): Tələbə vizası üzrə müraciət edən şəxslər Qeyri-İmmiqrasiya vizası üçün müraciət formasına əlavə olaraq, Əlaqə Məlumatları və İş Tarixçəsi formasını (DS-158) doldurmalı, DS-2019 formasının əslini, Azərbaycanda iqtisadi və sosial əlaqələrini sübut edən sənədləri təqdim etməlidirlər. SEVİS haqqı barədə məlumat üçün, zəhmət olmasa, bu səhifəyə baxın.
Mübadilə proqramlarının iştirakçıları (J vizası): Qeyri-İmmiqrasiya vizası üçün müraciət formasına əlavə olaraq, Əlaqə Məlumatları və İş Tarixçəsi formasını (DS-158) doldurmalı, DS-2019 formasının əslini, Azərbaycanda iqtisadi və sosial əlaqələrini sübut edən sənədləri təqdim etməlidirlər. Bəzi hallarda SEVİS haqqını ödəmək tələb olunur. SEVİS haqqı barədə məlumat üçün, zəhmət olmasa, bu səhifəyə baxın. Mübadilə proqramlarının iştirakçıları üçün daha ətraflı məlumat üçün, bura baş çəkin.
İş vizaları (H, L vizaları): ABŞ İmmiqrasiya Xidməti tərəfindən verilmiş icazə sənədinin əslini (I-797) təqdim etməlidirlər. Əgər müraciətçinin ailəsi onu müşayət edəcəksə, onlar nikah və doğum şəhadətnamələrinin əslini təqdim etməlidirlər. İş vizaları ilə bağlı daha ətraflı məlumat almaq və sürətləndirilmiş viza verilməsi qaydaları ilə tanış olmaq üçün, zəhmət olmasa, bu səhifıyə baş çəkin.
Tibbi müalicə: Tibbi müalicə məqsədilə səfər edən şəxslər ABŞ-da müayinə üçün qəbula yazıldıqlarını sübut edən sənədlər və sağlamlıq barədə arayış təqdim etməlidirlər. Tibbi müalicə üçün müraciət edən şəxslər təkcə müayinə deyil, həmçinin, müalicə xərclərini də ödəyə biləcəklərinə dair sübutlar nümayiş etdirməlidirlər. Daha ətraflı məlumat üçün, zəhmət olmasa, bu səhifəyə baş çəkin.
Təcili səfərlər üçün müraciət edən şəxslər, ilk mümkün vaxtda müraciətlərinə baxılması üçün Konsulluq Xidməti ilə əlaqə saxlamalıdırlar. Təcili səfərlərlərlə bağlı daha ətraflı məlumat üçün, zəhmət olmasa, bu səhifəyə baş çəkin.
Qeyri-immiqrasiya vizaları haqqında daha geniş məlumat üçün, zəhmət olmasa, bu səhifəyə baş çəkin.